BİRİNCİ ŞAMUEL 2

1Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir, Rəbb mənə böyük güc verir, Düşmənlərimin önündə öyünürəm, Çünki Sən məni qurtardığına görə sevinirəm. 2Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur! 3Artıq qürurla danışmayın, Dilinizdən təkəbbürlü sözlər çıxmasın. Çünki Rəbb hər şeyi bilən Allahdır, Hər iş Onun tərəfindən ölçülür. 4İgidlərin yayları qırılır, Büdrəyənlər isə Onun qüdrəti ilə qurşanır. 5Toxlar azuqə üçün muzdla işlərkən Aclar doyuzdurulur. Sonsuz qadın yeddi övlad doğur, Çoxuşaqlı qadın isə tənha qalır. 6Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır. 7Rəbb yoxsulluq və var-dövlət göndərir, Alçaldır və yüksəldir. 8O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu. 9Sadiq qullarının addımlarını qoruyur, Pisləri isə zülmətdə susdurur. Çünki insan öz qüvvəsi ilə zəfər çalmır. 10Rəbbə qarşı duranlar parça-parça olacaq, Haqq-Taala onların üzərində göyləri gurladacaq. Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir, Öz padşahına qüvvət verəcək, Məsh etdiyinə böyük güc verəcək!» 11Sonra Elqana Ramadakı evinə qayıtdı. Kiçik Şamuel isə kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə başladı. 12Elinin oğulları yaramaz adamlar idi. 13Onlar Rəbbi tanımırdı. Bu kahinlərin xalqla rəftarı belə idi: qurban təqdim edilən zaman, ət qaynayarkən kahinin xidmətçisi əlində üçdişli ət qarmağı ilə gələrdi. 14Ət qarmağını qazana, təknəyə, tavaya, bardağa salardı və qarmaqla nə çıxardısa, bu kahinlər onu özlərinə götürərdi. Onlar Şiloya qurban gətirən İsraillilərin hamısı ilə belə rəftar edirdilər. 15Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir». 16Əgər qurban gətirən «qoy əvvəlcə iç piyi yandırılsın, sonra istədiyin payı gəl götür» deyərdisə, xidmətçi «xeyr, indi ver, yoxsa zorla götürərəm» deyə cavab verərdi. 17Rəbbin gözü önündə bu gənclər çox böyük günah işlədirdilər, çünki onlar Rəbbə gətirilən təqdimlərə hörmət etmirdilər. 18Kiçik Şamuel isə əyninə kətan efod geyərək Rəbbin önündə xidmət edirdi. 19Anası Şamuelə kiçik cübbə tikərdi. Hər il atası illik qurbanı təqdim etmək üçün Şiloya gələndə o da tikdiyi kiçik cübbəni gətirib oğluna verərdi. 20Kahin Eli isə Elqana ilə arvadına xeyir-dua verərək «arvadının istədiyi və Rəbbə əhd etdiyi uşağın yerinə Rəbb sənə bu qadından yeni övladlar versin» deyərdi. Bundan sonra onlar evlərinə qayıdardı. 21Rəbbin lütfü ilə Xanna yenə hamilə olub bundan sonra üç oğul və iki qız doğdu. Kiçik Şamuel isə Rəbbin hüzurunda böyüyürdü. 22Eli artıq çox qocalmışdı. O, oğullarının İsraillilərə etdikləri və Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıqları barədə hər şeyi eşitmişdi. 23Eli onlara dedi: «Nə edirsiniz? Bütün xalqdan etdiyiniz pis əməllər barədə eşidirəm. 24Belə yaramaz, oğullarım! Eşitdiyim yaxşı xəbər deyil. Rəbbin xalqını yoldan çıxarırsınız. 25İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?» Lakin onlar atalarının sözlərinə qulaq asmazdılar, çünki Rəbb onları ölümə məhkum etmişdi. 26Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı. 27Həmin dövrdə bir Allah adamı Elinin yanına gəlib söylədi: «Rəbb belə deyir: “Misirdə atan və onun nəsli fironun xalqına kölə olarkən Özümü onlara aydın göstərmədimmi? 28Qurbangahıma çıxaraq buxur yandırıb önümdə efod geyməsi üçün bütün İsrail qəbilələri arasından yalnız atanı Özümə kahin seçmədimmi? İsraillilərin verdiyi yandırma təqdimlərinin hamısını atanın nəslinə vermədimmi? 29Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən əlası ilə özünüzü kökəltdiyinizə görəmi?” 30Ona görə də İsrailin Allahı Rəbb belə deyir: “Həqiqətən, ailən və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi belə deyirəm: “Yox, Mən belə etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək! 31Budur, elə günlər gəlir ki, sənin də, ata nəslinin də gücünü qıracağam və nəslindən heç kim uzun ömür sürməyəcək. 32İsrailə etdiyim yaxşılığın əvəzinə sən evində qəm-qüssə görəcəksən və artıq nəslindən heç kim uzun ömür sürməyəcək. 33Aranızda qurbangahımdan ayağını kəsmədiyim bir adam olacaq ki, onu da gözlərini kor etmək və qəlbini kədərləndirmək üçün sağ saxlayacağam. Nəslindən olanların hamısı az ömür sürüb öləcək. 34İki oğlunun – Xofni və Pinxasın eyni bir gündə ölməsi sənə bir işarə olacaq. 35Mən isə Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədiləşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək. 36Ailəndən sağ qalan hər kəs bir az gümüş pul və bir parça çörək üçün gəlib onun qarşısında əyiləcək, ‹nə olar, bir parça çörək üçün mənə hər hansı bir kahinlik işi ver› deyərək yalvaracaq”».


Copyrighted Material
Learn More

will be added

X\