İKİNCİ SALNAMƏLƏR 1

1Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi. 2Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı. 3Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi. 4Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu. 5Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi. 6Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi. 7Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?» 8Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin. 9İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin. 10İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?» 11Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin, 12Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq». 13Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi. 14Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 15Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 16Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı. 17Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı.


Copyrighted Material
Learn More

will be added

X\