VAİZ 1

1Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir. 2Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur! 3İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var? 4Bir nəsil gedir, o biri nəsil gəlir, Amma dünya daim qalır. 5Günəş çıxır, günəş batır, Sonra tələsik yerinə dönür ki, Təzədən çıxsın. 6Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir. 7Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar. 8Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən. 9Nə olubsa, yenə olacaq, Nə edilibsə, yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur. 10Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl. 11Əvvəlki şeylərdən heç nə xatırlanmır, Gələcəkdə baş verən şeylərdən də Bundan sonra gələnlər arasında Heç nə xatırlanmayacaq. 12Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. 13Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 14Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər. 15Əyri olan düz ola bilməz, Əskik olan sayıla bilməz. 16Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”. 17Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər. 18Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır.


Copyrighted Material
Learn More

will be added

X\