YEZEKEL 1

1Otuzuncu ildə, dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm. 2Padşah Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü 3Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi. 4Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi. 5Ən ortasında canlı məxluqa bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi. 6Hər birinin dörd üzü və dörd qanadı var idi. 7Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı. 8Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə və qanadlara malik idi. 9Onların qanadları bir-birinə toxunurdu. İrəli gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi. 10Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi. 11Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini örtürdü. 12Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər. 13Bu canlılar görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı. 14Canlı məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi. 15Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə dəyən bir təkər var. 16Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 17Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər. 18Təkərlərin sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi. 19Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca təkərlər də qalxırdı. 20Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 21Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 22Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı. 23Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü. 24Onlar irəlilədikləri zaman qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi. 25Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi. 26Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. 27Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi. 28Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi. Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim.


Copyrighted Material
Learn More

will be added

X\