YEREMYA 1

1Bunlar Binyamin torpağındakı Anatotda yaşayan kahinlərdən biri olan Xilqiya oğlu Yeremyanın sözləridir. 2Yəhuda padşahı Amon oğlu Yoşiyanın dövründə – padşahlığının on üçüncü ilində Yeremyaya Rəbbin sözü nazil oldu. 3Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi. 4Mənə Rəbbin bu sözü nazil oldu: 5«Mən sənə ananın bətnində Surət verməzdən əvvəl səni tanıdım, Doğulmazdan əvvəl səni təqdis edib Millətlərə peyğəmbər etdim». 6Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». 7Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. 8Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. 9Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum. 10Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən». 11Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm». 12Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam». 13Mənə yenə Rəbbin bu sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Şimaldan bu tərəfə yönəlmiş qaynar bir qazan görürəm». 14Rəbb mənə dedi: «Bu ölkədə yaşayanların hamısının üzərinə Şimaldan bəla yağacaq. 15Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam» Rəbb belə bəyan edir. «Hər biri gəlib öz taxtını Yerusəlim darvazalarının girişində, Onun bütün darvazalarının ətrafında Və bütün Yəhuda şəhərlərində quracaq. 16Bütün pisliklərinə görə Onların əleyhinə hökmlərimi bildirəcəyəm. Çünki Məndən üz döndərib başqa allahlara buxur yandıraraq Öz əl işlərinə səcdə etdilər. 17Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. 18Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. 19Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir.


Copyrighted Material
Learn More

will be added

X\