ƏYYUB 2

1Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi. 2Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi. 3Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb». 4Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər. 5Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək». 6Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma». 7Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı. 8Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu. 9Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!» 10Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi. 11Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər. 12Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər. 13Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər.


Copyrighted Material
Learn More

will be added

X\