YOEL 1

1Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur: 2Ey ağsaqqallar, bunu dinləyin. Ey bütün ölkə əhalisi, buna qulaq asın, Sizin və atalarınızın dövründə Belə bir şey olubmu? 3Siz bunu övladlarınıza danışın. Övladlarınız da öz övladlarına, Onların övladları isə gələcək nəslə danışsın. 4Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi, Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi, Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı. 5Ayılın, ey sərxoşlar və ağlayın. Ey şirin şərab içənlər, hamınız nalə çəkin, Ona görə ki, şirin şərab ağzınızdan alındı. 6Çünki mənim torpağımın üzərinə Qüvvətli və saysız-hesabsız bir millət gəldi. Onların dişləri aslan dişləri kimidir, Onlarda dişi aslanın köpək dişləri var. 7Tənəyimi məhv etdi, Əncir ağacımı gəmirdi, Qabıqlarını tamamilə soyub yerə atdı, Budaqları ağ qaldı. 8Cavanlıqda nişanlısını itirən, Büsbütün çul geyinən Bir qız kimi yas tutun. 9Rəbbin evindən Taxıl təqdimi və içmə təqdimi kəsildi, Rəbbə xidmət edən kahinlər yas tutur. 10Zəmi viran qalıb, torpaq ağlayır, Çünki taxıl zay oldu, təzə şərab qurudu, Zeytun yağı qurtardı. 11Buğda və arpaya görə Ey əkinçilər, utanın! Ey bağbanlar, nalə çəkin! Çünki torpağın məhsulları yoxa çıxdı, 12Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu. 13Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, Gəlin çulda gecələyin, Çünki Allahınızın evindən Taxıl təqdimi və içmə təqdimi yox oldu. 14Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. Ağsaqqalları, ölkənin bütün əhalisini Allahınız Rəbbin evinə yığın, Rəbbə fəryad qoparın. 15Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək. 16O yemək gözlərimizin önündən, Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı? 17Torpaq kəsəkləri altında toxumlar çürüdü, Zirzəmilər boş qaldı, Anbarlar dağıldı, Çünki taxıllar məhv oldu. 18Heyvanlar necə də inildəyir, Naxırlar çaşbaş qalıb, Çünki onlar otlaqsız qalıb, Sürülər də susuzluqdan əldən düşür. 19Ya Rəbb, Sənə fəryad edirəm, Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı, Bütün düzəngahın ağacları odda qovruldu. 20Çöl heyvanları da Səni çağırır, Axı axar sular quruyub, Çölün otlaqlarını alov yandırıb-yaxdı.


Copyrighted Material
Learn More

will be added

X\