HAKİMLƏR 1

1Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?» 2Rəbb dedi: «Yəhudalılar çıxacaq, budur, Mən torpağı onlara təslim edirəm». 3Yəhudalılar soydaşları Şimeonlulara dedi: «Torpağın bizə düşən hissəsinə gəlin, Kənanlılara qarşı vuruşmaq üçün bizimlə döyüşə çıxın. Sonra da torpağın sizə düşən hissəsinə gəlib sizinlə bərabər biz döyüşə çıxarıq». 4Yəhudalılar döyüşə çıxdı. Rəbb Kənanlılarla Perizliləri onlara təslim etdi və Yəhudalılar Bezeqdə onlardan on min nəfər adamı qırdı. 5Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar. 6Lakin Adoni-Bezeq qaçdı və Yəhudalılar onun ardınca qaçıb əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər. 7Adoni-Bezeq dedi: «Mənim masamın altında yetmiş padşah əl və ayaqlarının baş barmaqları kəsilmiş halda çörək qırıntıları dənləyirdi. Mən necə etmişdimsə, Allah da mənə əvəzini elə verdi». Yəhudalılar Adoni-Bezeqi Yerusəlimə gətirdi və o orada öldü. 8Yəhuda övladları Yerusəlimə hücum edib vuruşdu və oranı alıb əhalisini qılıncdan keçirdilər. Şəhərə isə od vurub yandırdılar. 9Bundan sonra Yəhuda övladları dağlıq bölgədə, Negevdə və yamaclı-düzənlikli bölgədə yaşayan Kənanlılara qarşı vuruşmaq üçün endilər. 10Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər. 11Oradan da əvvəlki adı Qiryat-Sefer olan Devir əhalisinə qarşı yürüş etdilər. 12Kalev dedi: «Kim Qiryat-Seferə hücum edib oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». 13Oranı Kalevin kiçik qardaşı Kenazın oğlu Otniel aldı. Kalev qızı Aksanı arvad olaraq ona verdi. 14Qız Otnielə ərə gedəndə ərini atasından bir tarla yeri istəməyə sövq etdi. Qız eşşəkdən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» 15Aksa Kalevə dedi: «Mənə bir pay da ver. Madam ki mənə Negev torpağını verdin, onda su qaynaqlarını da ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi. 16Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən çıxaraq Aradın cənubunda olan Yəhuda səhrasında xalqın arasında məskunlaşdılar. 17Yəhudalılar soydaşları Şimeonlularla birgə gedib Sefatda qalan Kənanlıları qıraraq tamamilə məhv etdilər. O şəhərin adı Xorma adlandırıldı. 18Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar. 19Rəbb Yəhudalılarla idi. Yəhudalılar dağlıq bölgəsini ələ keçirdilər. Vadi sakinlərini isə qova bilmədilər, çünki onların dəmir döyüş arabaları var idi. 20Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu. 21Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar. 22Yusif nəsli də Bet-Elə hücum etdi və Rəbb onlarla idi. 23Yusif nəsli Bet-Elə kəşfiyyata adamlar göndərdi. Şəhərin əvvəlki adı Luz idi. 24Kəşfiyyatçılar şəhərdən çıxan bir adamı görüb dedilər: «Rica edirik, bizə şəhərə girmək üçün yol göstərəsiniz və biz də sizinlə yaxşı rəftar edərik». 25Bu adam onlara şəhərə girmək üçün yol göstərdi. Onlar şəhərə girib əhalisini qılıncdan keçirdilər, lakin həmin adama və qohumlarına dəymədilər. 26Bu adam Xetlilərin torpağına getdi və orada bir şəhər salıb adını Luz qoydu. Oranın bu günə qədər adı belədir. 27Menaşşe qəbiləsi Bet-Şeanla qəsəbələrinin əhalisini, Taanakla qəsəbələrinin əhalisini, Dorla qəsəbələrinin əhalisini, İvleamla qəsəbələrinin əhalisini və Megiddo ilə qəsəbələrinin əhalisini qovmadı. Kənanlılar bu ölkədə qalmaq iddiasını etdi. 28İsraillilər bu torpaqlarda möhkəmlənəndə Kənanlıların üzərinə mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar. 29Efrayim qəbiləsi Gezerdə olan Kənanlıları qovmadı. Bununla da Kənanlılar Gezerdə – onların arasında yaşadı. 30Zevulun qəbiləsi Qitron əhalisini və Nahalol əhalisini qovmadı. Kənanlılar da onların arasında qalıb mükəlləfiyyətçi oldular. 31Aşer qəbiləsi Akko əhalisini, Sidon, Axlav, Akziv, Xelba, Afeq və Rexov əhalisini qovmadı. 32Aşerlilər bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı və onları qovmadı. 33Naftali qəbiləsi Bet-Şemeş və Bet-Anat əhalisini qovmadı, bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı. Bet-Şemeş və Bet-Anat əhalisi onlar üçün mükəlləfiyyətçi oldu. 34Emorlular Dan övladlarını dağlıq bölgəsinə köçməyə vadar etdi və onları vadiyə düşməyə qoymadı. 35Emorlular Har-Xeresdə, Ayyalonda və Şaalvimdə qalıb orada yaşadı. Ancaq Yusif nəsli qüvvətlənəndə Emorlular onlar üçün mükəlləfiyyətçi oldu. 36Emorluların sərhədi Aqrabbim keçidindən – Seladan yuxarıya uzanırdı.


Copyrighted Material
Learn More

will be added

X\