LEVİLİLƏR 27

1Rəbb Musaya dedi: 2«İsrail övladlarına söylə: “İnsanları Rəbbə həsr edən adam əhdini bu dəyərlərinə görə ödəyə bilər: 3Müqəddəs yerdəki şekelin ölçüsünə görə iyirmi yaşından altmış yaşına qədər kişinin dəyəri əlli şekel gümüş, 4qadının dəyəri otuz şekeldir; 5beş yaşından iyirmi yaşına qədər oğlanın dəyəri iyirmi şekel, qızın isə on şekeldir; 6bir aydan beş yaşa qədər olan oğlanın dəyəri beş şekel gümüş, qızın dəyəri isə üç şekel gümüşdür; 7altmış yaşından yuxarı olan kişinin dəyəri on beş şekel, qadının isə on şekeldir; 8əgər əhdinə əməl edən adam belə dəyəri ödəmək üçün çox kasıbdırsa, qoy həsr etdiyi adamı kahinin önünə gətirsin ki, kahin onu qiymətləndirsin. Əhdinə əməl edənin gücü nəyə çatırsa, kahin onun qiymətini təyin etsin. 9Əgər bir nəfər Rəbbə qurban gətirilən heyvanlardan birini həsr etsə, bunlardan Rəbbə verilən hər baş heyvan müqəddəs sayılır. 10O adam heyvanı dəyişdirməsin. Nə pisi yaxşı ilə, nə yaxşını pislə əvəz etməsin. Əgər o, heyvanı dəyişdirirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılsın. 11Əgər Rəbbə qurban gətirməyə layiq olmayan hər hansı murdar heyvanlardan birini həsr etsə, qoy o heyvanı kahinin yanına gətirib ona göstərsin; 12kahin onu yaxşı ya pis olduğuna görə qiymətləndirsin və dəyəri onun təyin etdiyinə görə olsun. 13Əgər heyvanı həsr edən onu geri satın almaq istəsə, qoy o dəyərinə beşdə biri qədər əlavə edərək ödəsin. 14Bir nəfər öz evini müqəddəs təqdim kimi Rəbbə təqdis edəndə kahin evi yaxşı ya pis olduğuna görə qiymətləndirsin. Qiymət kahinin təyin etdiyi kimi qalsın. 15Əgər o adam evini geri satın almaq istəsə, qoy o qiymətə görə beşdə birini əlavə edərək ödəsin və ev ona qayıtsın. 16Əgər bir nəfər mülkü olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə bir xomer arpa əkilən tarlanın qiyməti əlli şekel gümüş olsun. 17Əgər o adam tarlasını Azadlıq ilindən başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın. 18Əgər tarlasını Azadlıq ilindən sonra təqdis edirsə, kahin onunla qiymətini sonrakı Azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri belə aşağı salınsın. 19Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o, gümüşə görə dəyərinə beşdə birini əlavə edərək ödəsin və tarla ona qayıtsın. 20Əgər tarlanı geri satın almadan başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz. 21O tarla Azadlıq ilində azad olanda həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın; kahinin mülkü olsun. 22Əgər bir nəfər öz mülkü olmayaraq, satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə, 23qoy kahin onunla Azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş bir şey kimi versin. 24Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın. 25Bütün dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir. 26Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir. 27Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın. 28Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir. 29Məhv edilməyə həsr olunmuş hər kəs geri satın alınmamalıdır, hamısı öldürülməlidir. 30Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib. 31Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq istəsə, qoy qiymətinə beşdə birini əlavə edərək ödəsin. 32Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın. 33Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın; birini o biri ilə dəyişdirməsin. Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır”». 34Bu, Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir.


Copyrighted Material
Learn More

will be added

X\