FİLİPİLİLӘRӘ 1

1Mәsih İsanın qulları mәn Paul vә Timoteydәn Filipidә olan cәmiyyәt nәzarәtçilәri vә xidmәtçilәri ilә bәrabәr Mәsih İsada müqәddәs olanların hamısına salam! 2Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3Sizi hәr dәfә yada salanda Allahıma şükür edirәm. 4Hәmişә hamınız üçün hәr bir dilәyimdә sevinә-sevinә dua edirәm. 5Çünki ilk gündәn indiyәdәk Müjdәni yaymaqda şәrik oldunuz. 6Әminәm ki, sizdә xeyirli işә başlayan Allah Mәsih İsanın zühur edәcәyi günәdәk bunu başa çatdıracaq. 7Hamınız haqqında belә düşünmәkdә haqlıyam, çünki qәlbimdә yeriniz var. İstәr hәbsdә olsam, istәr Müjdәni müdafiә vә tәsdiq etsәm, hamınız mәnimlә bәrabәr Allahın lütfünә şәriksiniz. 8Allah şahidimdir ki, Mәsih İsanın duyğusu ilә hәr birinizin hәsrәtini çәkirәm. 9Dua edirәm ki, mәhәbbәtiniz bilik vә hәr cür idrak baxımından get-gedә daha çox artsın, 10siz Mәsihin zühur edәcәyi gün pak vә nöqsansız, Allahın izzәti vә mәdhi üçün İsa Mәsihdәn gәlәn salehlik bәhrәlәri ilә dolu olmaq üçün әn ali dәyәrlәri ayırd edә bilәsiniz. 12Qardaşlar, bunu sizә bildirmәk istәyirәm ki, başıma gәlәnlәr Müjdә yaymağı daha da irәli apardı. 13Belә olanda bütün saray mühafizәçilәri daxil olmaqla hamıya mәlum oldu ki, Mәsihdә olduğuma görә hәbs olunmuşam. 14Hәmçinin qardaşlardan әksәriyyәti mәnim hәbsimdәn ötrü Rәbbә güvәnәrәk kәlamı qorxmadan bәyan etmәk üçün daha çox cәsarәt göstәrdi. 15Doğrusu, bәzilәri paxıllıq vә rәqabәt, bәzilәri isә yaxşı niyyәtlә Mәsihi vәz edirlәr. 16Bәzilәri bunu mәhәbbәtlә edirlәr, çünki bilirlәr ki, mәn Müjdәni müdafiә etmәk üçün tәyin edilmişәm. 17Bәzilәri isә Mәsihi sәmimiliklә deyil, mәhbus halımda guya mәnә әziyyәt vermәklә özlәrini göstәrmәk üçün bәyan edirlәr. 18Nә olar? İstәr riyakarlıqla, istәrsә dә sәmimiliklә, nә cür olursa-olsun, әsasәn Mәsih bәyan edilir, mәn buna sevinirәm. Әlbәttә, sevinәcәyәm, 19çünki bilirәm ki, bunun nәticәsi dualarınızla vә İsa Mәsihin Ruhunun kömәyi ilә mәnim xilasım olacaq. 20Böyük hәvәslә gözlәyir vә ümidvaram ki, heç bir vәziyyәtdә utandırılmayacağam, yaşasam da, ölsәm dә, hәmişәki kimi indi dә bәdәnimdә Mәsihin ucalması üçün tam cәsarәt göstәrә bilәcәyәm. 21Çünki mәnim üçün yaşamaq Mәsihdir, ölmәksә qazancdır. 22Lakin cismәn yaşasam, faydalı işlәr görә bilәcәyәm. Buna görә nә seçәcәyimi bilmirәm. 23Hәr iki tәrәfdәn yolum kәsilib. Arzum buranı tәrk edib Mәsihlә olmaqdır, çünki bu lap yaxşıdır. 24Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. 25Buna әmin olaraq bilirәm: sağ qalacağam vә hamınızla birlikdә qalmaqda davam edәcәyәm ki, imanda hәm irәlilәyәsiniz, hәm dә sevinәsiniz. 26Belә ki bir dә yanınıza gәldiyim üçün mәnә görә Mәsih İsada fәxriniz artsın. 27Lakin hәyat tәrziniz Mәsihin Müjdәsinә layiq olsun. Gәlib sizi görsәm dә, gәlmәyib haqqınızda eşitsәm dә, bilim ki, siz bir ruhda möhkәm dayanıb Müjdәyә әsaslanan imanda canbir olaraq sәy göstәrirsiniz 28vә heç bir şәkildә әleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün hәlak, sizin üçünsә xilas әlamәtidir. Bu da Allahın işidir. 29Çünki sizә yalnız Mәsihә iman etmәk deyil, Onun uğrunda әzab çәkmәk üstünlüyü dә ehsan olundu. 30Apardığım mübarizәni әvvәldәn gördünüz, indi dә bunun haqqında eşidir vә siz dә hәmin mübarizәni aparırsınız.


Copyrighted Material
Learn More

will be added

X\